
22 dek 20255 dəq. oxuma
Cəbrayıl rayonunun Şahvəli kəndində 50 MVt gücündə “Şəms” Günəş Elektrik Stansiyası layihəsinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Energetika naziri Pərviz Şahbazov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və Clean Energy Cəbrayıl MMC-nin nümayəndələri iştirak ediblər.
Tədbir zamanı layihənin strateji əhəmiyyəti, Azərbaycanın yaşıl enerji siyasətinə töhfəsi və Şərqi Zəngəzurun bərpa olunan enerji mərkəzinə çevrilməsi istiqamətində rolu xüsusi vurğulanıb.
130 hektar ərazidə inşa ediləcək stansiya ildə 103 milyon kVt·saat elektrik enerjisi istehsal edəcək, 22 milyon kubmetr təbii qaza qənaət edilməsinə və ildə təxminən 48 min ton CO₂ emissiyasının azaldılmasına imkan yaradacaq.
Layihə istismara verildikdən sonra müəssisələrin təmiz enerji ilə təmin olunmasına, enerji mənbələrinin şaxələndirilməsinə və Azərbaycanın dayanıqlı enerji keçidinin sürətləndirilməsinə mühüm töhfə verəcək.